
İyulun 6-sı XX əsr dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Uilyam Folknerin vəfat etdiyi gündür.
Bu qısa yazıda Folknerin yaradıcılığı və şəxsiyyəti barədə yazmaq istəyirəm.
Folkner 1897-ci ildə ABŞ-ın Missisipi ştatında anadan olub. Maraqlıdır ki, o, demək olar bütün yaradıcılığı boyu eyni coğrafiyanı - Amerikanın cənubunu yazıb. Amma əslində o, coğrafiyanı yazmırdı. Folkner insan taleyi haqda yazırdı. Onun yaddaşını, vicdanını, günah hissini, zamanın insan üzərində qoyduğu izdən yazırdı.
Folknerin (William Faulkner) yaratdığı Yoknapatofa (Yoknapatawpha) adlı uydurma məkan bu gün dünya ədəbiyyatının ən məşhur bədii məkanlarından biri hesab olunur. Baxın, böyük yazıçı olmaq üçün bəzən bütün dünyanı yazmağa ehtiyac olmur. Bir bölgədən elə yazmaq olar ki, bütün bəşəriyyəti təsvir etmiş olarsan. Folkner bunu bacarmış, həm də ustalıqla bacarmış yazıçılardandır.
Amma Folkneri böyük yazıçı edən təkcə yaratdığı dünya deyil. Onun yazı tərzi də dünya ədəbiyyatında tamamilə fərqli bir hadisədir. Folkneri oxumağa başlayanda bunu dərhal hiss edirsən.
Çünki hadisələri adi qaydada danışmır. Zamanın içində irəli-geri gedir, eyni hadisəni müxtəlif insanların gözü ilə göstərir. Bunun səbəbi də var. Folkner hesab edirdi ki, həqiqət bir adamın danışdığı əhvalat deyil. Həqiqət müxtəlif yaddaşların, müxtəlif baxışların toqquşduğu yerdə yaranır. Qabriel Qarsia Markesdən Toni Morrisona qədər çox böyük yazıçılar Folkneri öz müəllimlərindən biri hesab ediblər.
Yazının bu yerində xatırladım, Markes məhz Folknerin bu Yoknapatofasından ilham alaraq dünya ədəbiyyatına özünün o məşhur uydurma Makondo şəhərciyini bəxş etdi.

Yeri gəlmişkən, mərhum dostumuz, jurnalist Mayis Əlizadənin Folkner haqqında çox gözəl bir yazısı var. Yazı belə adlanır: "Prezident Aparatına nahar üçün getmək çox uzaq olardı..."
Həmin yazını mütləq oxumağınızı istəyərdim.
Allah rəhmət eləsin, Mayis bəy yazının sonunda Folknerin Nobel nitqindən də çox gözəl parçalar təqdim edib.
Yazının adı da təsadüfi deyil. Vaxtilə ABŞ prezidenti Con F. Kennedi və onun xanımı Jaklin Kennedi Folkneri Ağ Evə Nobel mükafatçıları üçün təşkil olunmuş xüsusi nahara dəvət edirlər. Folkner isə bu dəvəti qəbul etmir və bildirir ki, bir nahar üçün bu qədər uzaq yol getməyə dəyməz. O bunu təkcə zarafat xatirinə deməmişdi.
Folknerin nahara getməkdən imtina etməsi həm də ziyalının hakimiyyətlə arasındakı məsafəsini qoruması, vəzifənin və siyasi nüfuzun qarşısında öz ləyaqətini itirməməsi, dik duruşunu əyməməsi idi.
Folkner böyük yazıçı olmaqla yanaşı, müstəqil düşüncənin də gözəl nümunəsi idi.
Şəxsən belə hesab edirəm ki, həmin Nobel nitqi Nobel tarixinin ən güclü çıxışlarından biridir. Çünki Folkner orada çox mühüm bir fikir deyir. Deyir ki, ədəbiyyatın işi insanın qorxularını artırmaq deyil. Əksinə, insanın ruhunu ayaqda saxlamaqdır. Və o məşhur cümləni də məhz həmin nitqdə deyir: "İnsan nəinki tab gətirəcək, insan həm də qalib gələcək."
Mənə elə gəlir ki, Folknerin bütün yaradıcılığında bu fikri biz daima hiss edə bilirik.
Bəli, Folkner insanın zəifliyindən yazırdı, səhvlərindən, faciələrindən yazırdı. Amma heç vaxt insanın ləyaqətinə olan inamını itirmirdi. Bəlkə də elə buna görə, ölümündən onilliklər keçsə də, Folknerin əsərləri hələ də aktualdır və o, bizimlə danışmağa davam edir.
Ruhu şad olsun.



