
19 iyul dünya tarixində diktaturaların əbədi olmadığını xatırladan günlərdən biridir. Düz 46 il əvvəl – 1979-cu il iyulun 19-da Nikaraquada Sandinista İnqilabı qələbə qazandı və Latın Amerikasının ən məşhur avtoritar rejimlərindən biri olan Somosa diktaturası süqut etdi.
Bu hadisə təkcə bir hökumətin devrilməsi deyil, həm də uzun illər qorxu, korrupsiya və sosial ədalətsizlik içində yaşamış bir xalqın öz taleyini dəyişdirmək cəhdi idi.
Nikaraquanın XX əsr tarixi ABŞ-ın 1912-ci ildə başlayan hərbi müdaxilələrinin fonunda formalaşdı. Tarixdə bu dövr “Banan müharibələri” kimi qeyd olunur.
Bu dövrün sonunda ölkədə ABŞ-ın dəstəklədiyi siyasi-hərbi sistem quruldu və bu sistem sonradan Somosa ailəsinin hakimiyyətə gəlməsinə şərait yaratdı. Somosa ailəsinin hakimiyyəti 1936-cı ildə Anastasio Somosa Qarsiyanın iqtidara gəlməsi ilə başladı.

Sonrakı 43 il ərzində hakimiyyət atadan oğullara keçdi və Nikaraqua faktiki olaraq ailə mülkiyyətinə çevrildi. Dörd onillik ərzində bu qaniçən ailə torpaq zəbt etmələri, korrupsiya, xarici yardımların mənimsənilməsi və siyasi repressiyalar hesabına böyük sərvət topladı.
Təsəvvür edin, öllkədə modernləşmə və iqtisadi inkişaf haqqında danışılırdı, amma bu inkişafın bəhrəsini elə hakim ailə görürdü. Şəhər əhalisinin əhəmiyyətli hissəsi, elə kənd əhalisinin də böyük əksəriyyəti içməli suya belə həsrət idi.
1960-cı illərdə sol ideyalar dünyanın müxtəlif bölgələrində güclənməyə, geniş vüsət almağa başlamışdı. Asiya, Afrika və Latın Amerikasında müstəmləkəçilik əleyhinə hərəkatlar yüksəliş dövrünü yaşayırdı. Xüsusilə Əlcəzair İnqilabı və Milli Azadlıq Cəbhəsinin mübarizəsi bir çox gənc latın amerikalı fəallara təsir göstərmişdi.
Bundan ilhamlanan Karlos Fonseka Amador, Silvio Mayorqa və Tomas Borxe Martines Manaquadakı Nikaraqua Milli Muxtar Universitetində digər tələbə fəallar ilə birlikdə 1961-ci ildə Sandinista Milli Azadlıq cəbhəsini yaratdılar.
Adını ABŞ işğalına qarşı mübarizə aparmış Auqusto Sezar Sandinodan götürən sandinistlər marksist ideyalardan ilham alsalar da, onların proqramında sosial ədalət, milli müstəqillik və xarici asılılıqdan qurtuluş ideyaları əsas yer tuturdu.
Nikaraquada isə vəziyyət hər keçən gün pisləşirdi.
1972-ci ildə Manaquada dağıdıcı zəlzələ baş verdi. Zəlzələ həm də Somosa rejiminin idbar mahiyyətini bir daha üzə çıxardı. Beynəlxalq yardımların talan edilməsi və korrupsiya cəmiyyətdəki narazılığı daha da artırdı.
Sonrakı illərdə, konkret desək, 1977-ci ildə Cimmi Karter administrasiyası insan hüquqları məsələsini Nikaraquaya hərbi yardımın şərti kimi irəli sürdü.

Əvvəlki ABŞ administrasiyaları Somosanın qəddarlığına ya qahmar çıxır, ya da ona göz yumurdular.
Əslində, Karterin də bu addımı demokratiya sevgisindən qaynaqlanmırdı. Vaşinqton bölgədə “İkinci Kuba” inqilabının yaranmasından ehtiyat edirdi.
Amma Karterin cəhdləri nəticəsiz oldu, prosesin qarşısını almaq mümkün olmadı.
Doğrudur, Karterin təzyiqləri və beynəlxalq tənqid nəticəsində Somosa 1977-ci ilin sentyabrında fövqəladə vəziyyəti ləğv edib mətbuat azadlığını bərpa etdi. Amma…
1978-ci ilin avqustunda tarixə “Donuzxana əməliyyatı” adı ilə düşən məşhur və qeyri-adi bir əməliyyat baş verdi.
Sandinistlər bu adı verdikləri əməliyyatla Milli Sarayı ələ keçirərək deputatları, senatorları, yüksək vəzifəli dövlət qulluqçularını, bir sözlə, Somosa rejiminə bağlı minlərlə hökümət adamlarını girov götürürlər.
Yerli dildə Çançera əməliyyatı (Operation Chanchera) adı ilə tanınan bu əməliyyat diktaturanın sarsıldığını göstərdi.
Sandinistlər gündən-günə güclənir, diktatura isə zəifləyirdi. Bir il ərzində hadisələr sürətlə inkişaf etdi.
Nəticədə, 1979-cu ilin iyulunda xalqa qan udduran diktator Somosa Debayle ölkədən qaçdı, iyulun 19-da isə sandinistlər Manaquaya daxil oldular. Beləliklə, 43 illik ailə diktaturasına son qoyuldu.

İnqilabdan sonra yeni hakimiyyət savadlandırma, səhiyyə və mədəniyyət sahələrində geniş proqramlara başladı. Minlərlə könüllü ölkənin ən ucqar nöqtələrinə göndərildi.
Sandinistlər çox mühüm bir işə də imza atdılar. Onlar Latın Amerikasında nadir rast gəlinən Mədəniyyət Nazirliyini yaratdılar və ucuz kitab nəşri proqramları vasitəsilə əhalinin ədəbiyyata çıxışını artırmağa çalışdılar.
Bu məqamda yadıma tarixçi Erik Hobsbaum düşür.
Bildiyiniz kimi onun “Ziddiyətlər dövrü: Qısa XX əsr”, digər adı ilə desək, “XX əsrin qısa tarixi” adlı məşhur bir əsəri var. XX əsrin tarixini dərindən anlamaq üçün bu kitab çox qiymətli mənbədir.
Hobsbaum həmin kitabda XX əsri “Ziddiyətlər, ifratlar əsri” adlandırırdı. Onun fikrincə, XX əsr bir tərəfdən misli görünməmiş elmi və texnoloji tərəqqi, digər tərəfdən isə müharibələr, diktaturalar, inqilablar və kütləvi zorakılıqlarla səciyyələnirdi.
Həqiqətən də XX əsr saysız-hesabsız diktaturalar, çevrilişlər və sarsıntılar gördü.
Nikaraqua İnqilabı da həmin mürəkkəb və ziddiyyətli tarixi dövrün məhsullarından biri idi.
Bu inqilabın ən mühüm dərslərindən biri də budur ki, özünü yenilməz hesab edən hakimiyyətlər belə bir gün xalq qarşısında cavab verməli olurlar.
Nikaraqua İnqilabından da çıxarılan əsas dərs sadədir: ən güclü görünən diktaturalar belə əbədi olmur. Qorxu üzərində qurulan hakimiyyətlər uzun müddət davam edə bilər, amma sonsuza qədər yox. Tarix dəfələrlə göstərib ki, xalqın iradəsi gec-tez ən sərt rejimlərin qarşısına çıxır və onları tarixin zibilliyinə göndərir.
Comərd Qaya



