
İkinci yazı
Sovet Azərbaycanında millətçilik KGB-nin hədəfində İkinci yazı 50-ci illərin ortalarında antisovet-millətçi məzmunlu anonim məktubların və gizli hazırlanan vərəqələrin sayı getdikcə artırdı. Stalinin ölümündən və Beriyanın həbsindən sonra cəmiyyətdə baş qaldırmış gizli antisovet hərəkətləri və güclənən millətçilik meyillərinin qarşısını almaq üçün Sov.İKP MK 1954-cü ilin martında gizli qərar qəbul etmişdi.
Həmin qərarda SSRİ Nazirlər Soveti yanında KGB-dən tələb olunurdu ki, burjua millətçilərinin düşmən fəaliyyətini vaxtında aşkarlayıb qabaqlayıcı tədbirlər görsünlər. Eyni zamanda qərarda xarici mühacir mərkəzlərinin sovet cəmiyyətinə təsir imkanlarının qarşısının alınması, imzasız məktubların müəlliflərinin müəyyən edilməsi və s. məsələlər də öz əksini tapmışdı. Sov.İKP MK tərəfindən qarşısına qoyulan vəzifəni yerinə yetirmək üçün KGB orqanları ilk növbədə ziyalılar və tələbə gənclər arasında agentura işini gücləndirməyə, mühacir təşkilatlara qarşı mübarizəni qüvvətləndirməyə diqqət yetirirdilər.
Bu məqsədlə müxtəlif ləqəblər altında yeni agentlər formalaşdırılır və xüsusilə ziyalı dairələrinin içərisindən bu agentləri seçməyə üstünlük verirdilər. Məsələn, 1956-cı ilin fevralında “İldırım” adlı ali pedaqoji təhsilli agent Azərbaycan SSR EA-nın fotolaboratoriyasından seçilmişdi və Bakı əhalisi arasında, xüsusilə ziyalı dairəsində geniş əlaqələri olmasına böyük əhəmiyyət verilirdi. Məhz “İldırım” vasitəsilə antisovet fəaliyyətdə şübhəli bilinən T.Aslanovun və X.Abdullayevin hərəkətləri üzərində müşahidə qoyulmuşdu. Yaxud “Samvel” ləqəbli, Bakı Dövlət Universitetinin III kurs tələbəsi vasitəsilə tələbə-gənclər və mühacirlər arasından agentura məlumatları toplanırdı. Öz şəxsi keyfiyyətlərinə görə “Samvel”ə perspektivli agent kimi baxılırdı.
Lakin bunun əksinə olaraq bəzi agentlər, xüsusilə köhnə agentlər təhlükəsizlik orqanlarını təmin etmirdi. Bəzən onlar özlərinin “əhəmiyyətli agent” olduqlarını sübut etmək üçün KGB-yə yalan məlumat verməkdən belə çəkinmirdilər. Məsələn, “Vasilyev” və “Nizami” ləqəbli agentlərin Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında müridlərin antisovet təşkilatı olması barədə məlumatları öz təsdiqini tapmamışdı. Yoxlamalar zamanı bunun agentlərin düşünülmüş formada yalan məlumatı olduğu müəyyən edilmişdi.
1956-cı ilin yanvarında antisovet-millətçi məzmunda dörd anonim məktub yazıb müxtəlif orqanlara göndərdiyinə görə 1917-ci ildə Şəki şəhərində doğulmuş Hacıyev Yusif İsmayıl oğlu təhlükəsizlik orqanları tərəfindən həbsə alınmışdı. O, öz məktublarında sovet xalqının maddi vəziyyətinin acınacaqlı olduğunu, sovet partiya və dövlət rəhbərlərinin yeritdiyi siyasətin düzgün olmadığını yazdığından KGB tərəfindən 6 il azadlıqdan məhrum edilmişdi.
1956-cı ilin əvvəllərində Sov.İKP MK-ya, Azərbaycan KP MK-ya, Gürcüstana “Zarya Vostoka” qəzetinin redaksiyasına antisovet-millətçi məzmuna malik anonim məktublar göndərdiyinə görə Azərbaycan Sənaye İnstitutunun tələbəsi, 1937-ci ildə Masallı rayonunun Miyankü kəndində doğulmuş Babayev Xanəhməd İsa oğlu da öz növbəsində KGB tərəfindən həbs edilmişdi. Onun yazdığı məktublarda Sov.İKP-nin və sovet dövlətinin rəhbərləri kəskin şəkildə tənqid olunurdu.
1956-cı ilin aprel ayında Azərbaycan KP MK-ya daxil olmuş üç anonim məktubda Sov.İKP-nin və sovet dövlətinin rəhbərlərindən birinin ünvanına kəskin tənqidi məzmunlu fikirlər daxil olmuşdu. Həmin dövrün sənədlərində Sov.İKP və sovet dövlətinin rəhbərlərindən biri dedikdə daha çox Nikita Xruşşov nəzərdə tutulurdu. KGB orqanları çoxsaylı etiraz məktublarını ümumiləşdirdikdə Nikita Xruşşovun adını çəkməmək üçün onun adını “partiya və sovet rəhbərlərindən biri” ifadəsi ilə əvəz edirdilər. Azərbaycan KP MK-nın tapşırığı ilə KGB-nin axtarışlarından sonra aydın olmuşdu ki, həmin məktubların müəllifi 1926-cı ildə Bakı şəhərində doğulmuş Qəniyev Tofiq İbrahim oğludur. Araşdırmalar zamanı məlum oldu ki, Tofiq Qəniyev hazırladığı millətçi çağırışları özündə əks etdirən vərəqəni Həzi Aslanov küçəsindəki elektrik dirəyinə yapışdırıb. Həmin vərəqədə Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına çağırışlar var idi.
Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin sədri Anatoli Quskov 1956-cı ilin avqustunda Azərbaycan KP MK-ya yazdığı məktubda Cəfərov Bəhmən Kazım oğlunun antisovet-millətçi məktubları haqqında geniş məlumat verirdi. Bəhmən Cəfərov uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş, 1955-ci ilin fevralından başlayaraq müxtəlif ünvanlara yazdığı altı anonim məktubda Azərbaycan xalqının hüquqsuz olduğunu, əsarət altında yaşadığını bildirmişdi. KGB orqanları onun haqqında geniş araşdırmalar aparmışdılar. Azərbaycan SSR Oktyabr İnqilabı və Sosializm quruculuğu dövlət arxivindən alınmış sənəddə Bəhmən Cəfərovun 1919-cu ildə Gəncə həbsxanası rəisinin köməkçisi işlədiyi, partiya arxivindən alınan sənəddə isə onun 1920-ci ildə Kommunist Partiyası sıralarına daxil olduğu bildirilirdi. Lakin o, müsavat polisində işlədiyinə görə 1928-ci ildə Kommunist Partiyasından xaric edilmişdi. Bəhmən Cəfərovun KGB tərəfindən aparılmış istintaq materiallarından aydın olur ki, o, Sov.İKP MK-ya, SSRİ Nazirlər Sovetinə və Azərbaycan rəhbərliyinə çoxlu sayda antisovet məzmunlu, millətçi xarakterli anonim məktublar yazmışdır.

1956-cı ilin aprel ayında Azərbaycan KP MK-nın tapşırığına əsasən dövlət təhlükəsizliyi orqanlarının yoxlaması nəticəsində məlum olmuşdu ki, Lerik rayonunun Əliabad kəndindən 1931-ci il təvəllüdlü Baxşəliyev Cabbar Şahməmməd oğlu Kommunist Partiyasının və sovet dövləti rəhbərlərinin apardığı siyasətin Azərbaycan xalqının maraqlarına uyğun olmadığını anonim məktublarında bildirmiş və Azərbaycanın Sovet İttifaqından ayrılmasının zəruriliyini əsaslandırmağa çalışmışdır.
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 1956-cı ilin iyununda verdiyi tapşırığa əsasən Azərbaycan təhlükəsizlik orqanları “Millətçi Gənclər Təşkilatı”nın axtarışına çıxmışdı. Buna səbəb Moskvaya göndərilən millətçi məzmuna malik bir məktubun aşağısında “Millətçi Gənclər Təşkilatının katibi A.Məmmədov” imzasının qoyulması olmuşdu. Həmin məktubun müəllifi Azərbaycan xalqını sovet hakimiyyətinə qarşı fəal mübarizəyə çağırır, Azərbaycanın Türkiyəyə birləşməsinin zəruriliyini əsaslandırır və Azərbaycanın yalnız orada öz milli müstəqilliyini və azadlığını tapacağını yazırdı. Aparılan yoxlamalar nəticəsində müəyyən olunmuşdu ki, bu məktub Bakıdakı 190 nömrəli məktəbin 10-cu sinif şagirdi Məmmədbəyli Ağalar Rzaqulu oğlu tərəfindən yazılıb. Məktubun məzmununda ciddi məsələlərin yer aldığını əsas götürüb Ağalar Məmmədbəylini KGB-nin nəzarətinə götürmüşdülər.
Lakin Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olduqdan sonra da Ağalar Məmmədbəyli gizli antisovet fəaliyyətini davam etdirmiş, sovet hökuməti rəhbərlərinə qarşı sənədlər, Azərbaycanın SSRİ-dən ayrılıb Türkiyəyə birləşməsini tələb edən vərəqələr yaymışdı. Araşdırmalar göstərmişdi ki, Məmmədbəylinin bəzi qohumları da müxtəlif dövrlərdə antisovet fəaliyyətə görə həbs edilib. 1958-ci ildə Məmmədbəyli Dövlət Təhlükəsizliyi Komitəsinə dəvət edildikdə anonim məktubların müəllifi olduğunu etiraf etdi.
Eyni zamanda 1955-ci ilin ortalarından etibarən Azərbaycan KP MK ilə respublika KGB-si arasındakı qarşıdurma kəskin xarakter almışdı. Quskov Moskvaya yazdığı məktublarda Mustafayevlə “soyuq müharibə” şəraitində işlədiyini bildirirdi. Həmin ilin yayında Nazirlər Sovetinin sədri Sadıq Rəhimov və Mərkəzi Komitənin katibi Məmməd İsgəndərov Moskvaya sənaye işçilərinin müşavirəsinə ezam olunanda Mustafayev onlara tapşırmışdı ki, Quskovun Azərbaycandan geri çağrılması məsələsini Nikita Xruşşovun qarşısında qaldırsınlar. Mustafayev belə hesab edirdi ki, Quskov təhlükəsizlik orqanlarını partiyaya qarşı qoyur, Azərbaycan KP MK-nın qərarlarını yerinə yetirmirlər.
Hadisələr belə dramatik mərhələyə daxil olduqdan sonra Anatoli Quskov da 1955-ci ilin avqust ayının 8-də birinci katib Mustafayevin “qeyri-qanuni” hərəkətləri barədə Nikita Xruşşova geniş məktub yazdı. Məktub Moskvaya yetişdikdən sonra SSRİ Nazirlər Soveti yanında DTK-nın kadr məsələləri üzrə müavini Pyotr Qriqoryev ona zəng edib bildirdi ki, hazır olsun, onun məktubunda göstərilən faktları araşdırmaq üçün Moskvadan Bakıya nüfuzlu komissiya göndərilir. Öz növbəsində İmam Mustafayev də Azərbaycan KP MK bürosunun razılığı olmadan Quskovun tutduğu vəzifədən azad olunması barədə məsələni Sov.İKP MK qarşısında qaldırmışdı. O, Azərbaycan Kommunist Partiyasının 1956-cı ilin yanvarında keçirilən XXI qurultayından sonra Quskovu yeni seçilən Mərkəzi Komitə bürosuna buraxmaq istəmirdi.
Nəhayət, İmam Mustafayev Moskvada olarkən Nikita Xruşşova bildirmişdi ki, Anatoli Quskov bütün KGB aparatını Azərbaycan KP MK-ya qarşı qaldırır və ona işləməyə imkan vermir. Xruşşov bu məsələdə Mustafayevi müdafiə etmişdi və Anatoli Quskov 1956-cı il noyabr ayının 21-də Azərbaycandan uzaqlaşdırılmışdı. Mustafayevin Anatoli Quskovu Azərbaycandan qovması nəinki SSRİ KGB-sinin mərkəzi aparatında, eləcə də bütün müttəfiq respublikalarda şok effekti yaratmışdı…
Fotolar. 1. Bakıda 1 May nümayişi. Tribunada sağdan MK-nın birinci katibi İmam Mustafayev, Nazirlər Sovetinin sədri Sadıq Rəhimov, MK-nın ikinci katibi Vitali Səmədov, MK-nın katibi Məmməd İsgəndərov və KGB-nin sədri Anatoli Quskov. 1 may 1954; 2. Almaniya Demokratik Respublikası Nazirlər Şurasının sədri Otto Qrotevol həyat yoldaşı ilə Bakıda. Sağda Anatoli Quskov və Vitali Səmədov. 1956.
Cəmil Həsənli, professor
Ardı var



